“Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri”nə məlumatların daxil (düzəliş, ləğv) edilməsi üçün

yaradılmış proqram sisteminin istismarına dair

T Ə L İ M A T

I. Ümumi müddəalar

1.1. Bu təlimat “Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri”nə dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri barədə məlumatların daxil (düzəliş, ləğv) edilməsi məqsədilə yaradılmış proqram sisteminin istismarına dair texniki prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı və 17 avqust 2010-cu il tarixli 149 nömrəli ilə Qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydalar”nın icrasını təmin etmək məqsədilə bu sistem vasitəsilə (www.e-gov.az saytına daxil olmaqla) yeni məlumatların reyestrlərə daxil edilməsi, reyestrlərdə mövcud olan məlumatlarda dəyişiklik edilməsi və ya ləğv edilməsi üçün elektron müraciətlərin göndərilməsi, kargüzarlığın aparılması, müraciətlərin icrası və mülkiyyətçilərin müvafiq qaydada məlumatlandırılması nəzərdə tutulur.

1.2. Bu təlimatda aşağıdakı anlayışlardan istifadə edilmişdir:

Reyestrlər – dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri;

Sistem – reyestrlərə məlumatların daxil (düzəliş, ləğv) edilməsi məqsədilə yaradılmış proqram təminatı;

Məlumatlar – dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri barədə məlumatlar;

Mülkiyyətçilər – məlumatların reyestrlərə daxil (düzəliş,ləğv) edilməsi üçün müraciət edən dövlət orqanları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər;

Müraciət – məlumatların reyestrlərə daxil (düzəliş,ləğv) edilməsi məqsədilə mülkiyyətçi tərəfindən edilən müraciət;

Kargüzar – müraciət ərizələrinin qeydiyyatının və kargüzarlığının aparılmasına məsul olan şəxs və ya şəxslər;

Administrator – müraciət ərizələrinin qanunvericiliyə uyğun olaraq icrasını təmin edən şəxs və ya şəxslər.

II. Sistemdən istifadə hüququ

2.1. Sistemdən istifadə hüququna malikdir:

III. Mülkiyyətçi

Mülkiyyətçilərin qeydiyyatdan keçməsi və məlumatların sistemə özləri tərəfindən daxil edilməsi proseduru aşağıdakı ardıcıllıqda həyata keçirilir:

3.1. Mülkiyyətçi unikal kod və şifrə ilə təmin olunmaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (bundan sonra – MHM) rəsmi sorğu ünvanlayır;

3.2. Həmin sorğu əsasında mülkiyyətçi MHM tərəfindən unikal kod və şifrə ilə təmin olunur;

3.3. Mülkiyyətçinin səlahiyyətli nümayəndəsinə e-imza kartı verilir və həmin e-imza kartı MHM-də qeydiyyatdan keçirilir.

3.4. Mülkiyyətçi sistemə qeydiyyatdan keçirilmiş e-imza kartı və ya kod və şifrə ilə daxil oaraq müvafiq bölmədə müraciət ərizəsini və qeydiyyat kartını doldurur;

3.5. Qurumlar “Normativ hüquqi sənədlər” bölməsinə daxil olaraq müraciət ərizələrinin və qeydiyyat kartlarının blanklarını öz kompüterlərinə köçürüb, doldurub və təsdiq edib rəsmi qaydada MHM-ə göndərə bilərlər.

3.6. Mülkiyyətçi, onun rəsmi müraciəti əsasında MHM-in operatoru tərəfindən sistemə daxil edilmiş məlumatlarda səhv və çatışmazlıqlar aşkar etdikdə, bu barədə MHM-ə məlumat verir.

3.7. Mülkiyyətçi sistem vasitəsilə:

· müvafiq normativ-hüquqi sənədlərlə tanış ola bilər;

· müraciət ərizəsini və qeydiyyat kartlarını “Portable Document Format” və “Microsoft Office Word Document” fayl formatlarında internetdən öz kompüterinə yükləyə bilər;

· müraciət ərizəsini və qeydiyyat kartını doldura bilər;

· Administrator tərəfindən yazılmış qeydləri nəzərə alaraq yenidən müraciət ərizəsini və qeydiyyat kartını doldura bilər;

· müraciət ərizələrinin icra vəziyyəti ilə tanış ola bilər;

· Reyestrlərdə qeydiyyata alınmış məlumatlar ilə tanış ola bilər.

IV. Kargüzar

Kargüzar MHM-in bir və ya bir neçə əməkdaşı ola bilər və kargüzar aşağıdakı funksiyaları həyata keçirir:

4.1. Kargüzar hər bir iş günü ərzində iki dəfədən az olmayaraq yeni daxil olmuş müraciət ərizələrini izləyir, əgər yeni müraciət daxil olubsa onu müvafiq qaydada qeydiyyatdan keçirir.

4.2. Qeydiyyat zamanı müraciət ərizəsinə MHM-in ümumi kargüzarlıq sisteminə uyğun olaraq qeydiyyat nömrəsi verilir, daxilolma tarixi isə avtomatik olaraq yazılır.

4.3. Sonra müraciət ərizəsini və uyğun qeydiyyat kartını kağız üzərində çap edir və baxılması üçün MHM-in rəhbərliyinə təqdim edir.

4.4. Müvafiq əlavə və düzəlişlərin edilməsi məqsədilə Administrator tərəfindən mülkiyyətçiyə geri qaytarılmış müraciət ərizəsi növbəti dəfə daxil olduqda, ona yeni qeydiyyat nömrəsi verilir.

4.5. Daxil olmuş müraciətlərin nəzərdə tutulmuş müddətdə icra olunmasına ümumi nəzarəti həyata keçirir.

4.6. Əlavə olaraq müraciət ərizələrinin qeydiyyatı və icrasına nəzarət müvafiq jurnalda və ya kompüterdə aparlır.

V. Administrator

Kargüzar tərəfindən qeydiyyata alınmış müraciətlər Administrator üçün ayrılmış bölmədə online rejimdə əks olunur və qeydiyyata alınmış müraciət ərizələrinə “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”də və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydalar”da nəzərdə tutulmuş müddət ərzində Administrator tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. Bu qərarlar aşağıdakılar ola bilər:

1. Müraciət təsdiq edilir və məlumat avtomatik olaraq müvafiq reyestrə daxil (düzəliş, ləğv) edilir. Bu zaman reyestrdə yerləşdirilmiş məlumat barədə avtomatik olaraq çıxarış formalaşır. Çıxarışın alınması barədə həm sistemdə məlumat yerləşdirilir, həm də mülkiyyətçinin e-poçt ünvanına bildiriş göndərilir.

2. Çıxarış forması çap edilərək və MHM-in direktoru tərəfindən təsdiqlənərək

mülkiyyətçinin səlahiyyətli nümayəndəsinə təqdim olunur.

3. Təqdim olunan məlumatlara dair müvafiq qeydlər aparılmaqla əlavə və düzəlişlərin edilməsi üçün mülkiyyətçiyə geri qaytarılır və bu barədə mülkiyyətçinin e-poçt ünvanına bildiriş göndərilir.

4. Müraciət ərizəsi və qeydiyyat kartı üzrə Adminstrator tərəfindən edilən və qırmızı şriftlə əks olunan qeydləri mülkiyyətçi sistemdə görür. Mülkiyyətçi tərəfindən həmin qeydlər üzrə lazımi düzəlişlər edildikdən müraciət yenidən göndərilir, kargüzar tərəfindən həmin müraciət yeni nömrə ilə qeydiyyata alınır və baxılması üçün Administratora ötürülür.

5. Təqdim olunan məlumatlar “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın və müvafiq qanunvericiliyin tələblərinə cavab vermədikdə və yaxud tam və həqiqi olmadıqda məlumatın reyestrə yerləşdirilməsindən imtina edilir. İmtinanın səbəbləri barədə məlumat sistemdə əks olunur və mülkiyyətçinin e-poçt ünvanına bu barədə bildiriş göndərilir.

VI. Vəzifə və öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət

MHM-in aidiyyatı işçiləri və mülkiyyətçilər “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”, habelə bu təlimatla müəyyən olunmuş vəzifə və öhdəliklərin vaxtında, düzgün və məsuliyyətlə yerinə yetirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.